18 oyundur məğlubiyyət üzü görmür-  “Mançester Yunayted”backend

İngiltərə Premyer Liqasının XXXV turunda “Sauthempton”u qəbul edən “Mançester Yunayted” qələbəni son anda əldən verib.

Sportfan.az xəbər verir ki, rəqibi ilə 2:2 hesablı bərabərə qalan “qırmızı şeytanlar” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib.

Ole Qunnar Sulşerin kollektivi artıq 18 oyundur ki, məğlubiyyət üzü görmür. Komanda sonuncu dəfə yanvarın 22-də “Bernli”yə uduzub (0:2). “Mançester Yunayted” axırıncı dəfə 7 il əvvəl – 2013-cü ildə Aleks Ferqyusonun dönəmində ardıcıl 18 görüşdə məğlub olmayıb.

Dünənki matçda çərçivəni qoruyan “mankunianlar”ın qapıçısı David De Xea bu komandanın heyətində 400-cü oyununu keçirib. Oyunda qollardan birinin müəllifi olan Antoni Marsial isə “Mançester Yunayted”in heyətində top sayını 50-yə çatdırıb. O, Erik Kantonadan sonra bunu bacaran ikinci fransalı futbolçu olub.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqada sona 3 tur qalmış 59 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.