4 qat dünya çempionu karyerasını bitirə bilər- “Formula 1”backend

“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Ferrari” pilotu Sebastyan Fettel gələcəkdə hansı komandanı seçəcəyi ilə bağlı planlarından danışıb.

Sportfan.az xəbər verir ki, ORF-ə açıqlama verən almaniyalı sürücü “Formula 1″də çox şeyə nail olduğunu söyləyib.

4 qat dünya çempionu bildirib ki, hazırkı məqsədi irəliləməyə davam etmək və daha çox şeyə nail olmaqdır: “Pul məsələsində narahat olsaydım, gələn mövsüm üçün bəzi komandalarda yer tapardım. Keçmişdə çox böyük uğur qazandığımı başa düşürəm. Pul heç vaxt mənim üçün böyük əhəmiyyət daşımayıb, indi də heç nə dəyişməyib. Sadəcə, bəyənəcəyim variant lazımdır. Onu tapa bilməsəm, yəqin ki, ayrılmağın vaxtı olduğunu dürüst şəkildə söyləməli olacağam”.

Qeyd edək ki, daha əvvəl “Ferrari” Sebastyan Fettelin 2020 mövsümündən sonra komandanı tərk edəcəyini açıqlayıb. Fettel İtaliya komandasına 2015-ci ildə “Red Bull”dan keçib. O, “Ferrari”nin üzvü kimi 101 yarışın 14-də qələbə qazanıb, habelə, 2 dəfə vitse-çempion olub.