Argentina Amerika Kubokunun keçirilməsi hüququndan məhrum edildibackend

Argentina 2021-ci ildə futbol üzrə Amerika Kubokunun keçirilməsi hüququndan məhrum olunub, yarış başqa ölkədə keçiriləcək.

Sportfan.az xəbər verir ki, bu barədə qərarı Cənubi Amerikanın Futbol Konfederasiyası (CONMEBOL) qəbul edib. Qərar barədə informasiya təşkilatın mətbuat xidmətinin tvitterdəki səhifəsində yayılıb.

“CONMEBOL bildirir ki, cari şəraiti nəzərə alaraq, Amerika Kubokunu Argentinada keçirməməyə qərar verdi. CONMEBOL qitə turnirinə ev sahibliyi etməkdə maraqlı olan digər ölkələrin təkliflərini nəzərdən keçirir”, – xəbərdə deyilir.

Mayın 29-da Argentinanın səhiyyə naziri Karla Vissotti bildirib ki, Amerika Kubokunun keçirilməsi haqqında məsələ hələ həll edilməyib, Səhiyyə Nazirliyi müvafiq protokolların hazırlığı üzrə işini davam etdirir.

Qeyd edək ki, Amerika Kuboku 2020-ci ildə keçirilməli idi, ancaq koronavirus pandemiyasına görə, ötən ilin martında yarışın 2021-ci ilin yayında təşkili barədə qərar verilib. Yarışı Argentina və Kolumbiya 13 iyun-10 iyulda təşkil etməli idilər.

Xatırladaq ki, bir neçə gün əvvəl Kolumbiya da Amerika Kubokunun təşkili hüququndan məhrum olunub.(report)