“Azərbaycanla oyunda yalnız qələbəni düşünürük”- Konstantinos Siambullisbackend

“Məğlubiyyət heç kimi qane etmir. Uduzmağımızın səbəbini baş məşqçi və onun köməkçiləri təhlil etməlidir”.

“Goal Philenews” nəşri xəbər verir ki, bu fikirləri Kipr Futbol Federasiyasının sözçüsü Konstantinos Siambullis UEFA Millətlər Liqasının I turunda evdə Monteneqroya 0:2 hesabı ilə uduzduqları matç barədə danışarkən deyib.

O, Nikolas İoannunun şəxsi istəyi ilə komandanın heyətindən çıxarılması barədə də danışıb. Siambullis futbolçunun dürüst olduğunu və özünü yaxşı hiss etmədiyini söyləyib. Federasiya rəsmisi baş məşqçinin və qurumun İoannu ilə bağlı qərarı Azərbaycanla matçdan sonra verəcəyini söyləyib.

Siambullis II turda Azərbaycana qarşı keçirəcəkləri qarşılaşmada yalnız 3 xal üçün mübarizə aparacaqlarını diqqətə çatdırıb: “Qrupda son yeri müzakirə etmək belə istəmirik. Azərbaycanla matça hazırlıq bərpa və fitneslə başladı. Bu gün isə müntəzəm məşq olacaq. Bu oyunda yalnız qələbə qazanmağı düşünürük. Mövcud vəziyyəti dəyişdirməyə və yaxşı şərtlərlə davam etməyə çalışacağıq. Bunun üçün vaxt və səbr lazımdır. Bunu bir gecədə edə bilməzsiniz”.

Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Canni De Byazinin rəhbərlik etdiyi komanda ilk turda evdə Lüksemburqa 1:2, Kipr isə Monteneqroya 0:2 hesabı ilə uduzub.