“Baqali Dabo üçün ayrılan büdcəyə 4 futbolçu gətirmişik”- Ceyhun Sultanovbackend

“Bu gün deyirlər ki, “Neftçi” qrup mərhələsinə düşməlidir. Bunu biz də istəyirik. Əgər mənim büdcəm 40 faiz enibsə, bunu necə edə bilərəm?”

Sportfan.az xəbər verir ki, bu sözləri “Neftçi”nin idman direktoru Ceyhun Sultanov klubun rəsmi televiziyasında yayımlanan “Həmsöhbət” verilişində deyib.

Klub rəsmisi büdcənin azaldıldığı üçün yaxşı transferlər etməyin çətin olduğunu bildirib: “Transferlərin nə dərəcə alınacağını oyunlar göstərəcək. Hamı deyir ki, “Neftçi”də hər şey əladır, bunlar necə transferlərdir? Mənim büdcəm olsaydı, ən yaxşılarını seçib gətirərdim. Qabağıma qoyulub ki, büdcəmiz bu qədərdir. Keçmiş futbolçumuz Baqali Dabo üçün ayrılan büdcəyə 4 futbolçu gətirmişik. Özünüz düşünün, bu, qrup mərhələsində oynamaq üçün yetərlidirmi? Amma qıraqda olan futbol “mütəxəssislər”i, yalnız öz xeyirlərinə danışanlar deyirlər ki, klubda hər şey var, bu, nə cür idarəçilikdir, bu, necə işdir? Hansıssa mütəxəssis bu vəziyyətdə komandanı qrup mərhələsinə çıxaracaqsa, iki əlimlə razıyam, gəlsin, komandanı qrupa yüksəltsin”.

C.Sultanov “Neftçi”də hər şeyin maliyyə cəhətdən əla olmadığını qeyd edib:”Bizim də istəyimiz var, lakin bundan da önəmlisi meydanda sərgilənən oyundur. Futbolçunun səviyyəsi büdcə tələb edir, hamısı ona bağlıdır. Hansısa mütəxəssis “Neftçi”də hər şeyin maliyyə cəhətdən əla olduğunu deyirsə, səhv düşünür”.