“Beylin gedişindən Zidan da məmnundur”- Mourinyobackend

İngiltərə “Tottenhem”inin baş məşqçisi Joze Mourinyo futbolçu Qaret Beylin İspaniya “Real Madrid”indən icarəyə götürülməsi barədə qərarı şərh edib.

Sportfan.az xəbər verir ki, portuqaliyalı mütəxəssis uelsli yarımmüdafiəçinin London komandasına qayıdışına sevindiklərini bildirib.

“Beyl gələn mövsüm də “Tottenhem”də qalsa, hamı xoşbəxt olacaq. Zidanla danışmamışam, amma əminəm ki, o da Qaretin gedişindən məmnundur. Bizim kimi, futbolçunun özü də yenidən burada olmağa razıdır. Ümidvaram ki, mövsümün sonunda hamımız razı olacağıq və o, bizimlə qalacaq”.

Mourinyo hər zaman Beyli diqqətdə saxladığını da vurğulayıb: “Qaret bilir ki, onu özüm “Real Madrid”də işlədiyim vaxt istəyirdim. Amma həmin vaxt bu, mümkün deyildi. Beyli “Mançester Yunayted”ə də gətirməyə cəhd edirdik. Özü də bundan xəbərdardır. O, bir oyunçu kimi xoşuma gəlir, aramızda xoş münasibət var. Lakin Qaret Beyl olduğu üçün yox, özünü layiqli oyunçu kimi göstərməkdən ötrü meydana çıxacaq”.

Qeyd edək ki, Qaret Beyl 2007 – 2013-cü illərdə də “Tottenhem”in formasını geyinib. Daha sonra o, həmin vaxt üçün rekord məbləğə – 101 milyon avroya “Real Madrid”ə keçib. Hazırda 31 yaşlı oyunçu zədəli olduğu üçün “Tottenhem”in  heyətində 4 həftədən sonra debüt edəcək.