“Biz bu gün “Sileks” və Makedoniya futbolu üçün oynayacağıq”- “Sileks”in qapıçısıbackend

“Bizim üçün çətin olacaq. “Səbail”də olanda “Qarabağ”a qarşı oynadıq, amma mən meydanda deyildim. “Qarabağ” Azərbaycanın futbolda sahib olduğu ən yaxşı şeydir. Meydan sahibinin favorit olduğu aydındır, ancaq erkən təslim olmaq istəmirik”.

Sportfan.az xəbər verir ki, bu sözləri “Sileks”ın qapıçısı Daniel Bojinovski Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la oyundan əvvəl “Sportmedia” nəşrinə açıqlamasında deyib.

31 yaşlı qolkiper bildirib ki, Ağdam təmsilçisi ilə görüşdə ən əsası qorxmamalıdırlar: “Ən yaxşı göstərə biləcəyimiz oyunu nümayiş etdirməliyik. Biz yalnız müdafiəyə diqqət yetirməməliyik, onda sürpriz etmək şansımız olmayacaq. Rəqibin diqqətdə saxlamalı olduğumuz yaxşı hücumçuları var”.

Bojinovskinin sözlərinə görə, “Qarabağ”ın Şimali Makedoniya təmsilçisindən daha çox təcrübəsinin olduğu aydındır: “Mən avrokuboklarda çıxışdan bəhs edirəm. “Qarabağ”dan fərqli olaraq, bizim əksər oyunçularımız avrokuboklarda debüt edəcəklər. 90 dəqiqə ərzində hər şey mümkündür. Mərhələ iki oyundan ibarət olsaydı, şansımız çox az olardı. Futbolda hər şey mümkündür”.

O, Ağdam klubu ilə görüşdə sensasiyaya ümid etdiyini söyləyib: “Buna nail olub-olmayacağımızı yekunda görəcəyik. Əgər məğlub olsaq, Avropa Liqasında daha bir oyunumuz olacaq. Buna görə də təzyiq altında deyilik. Biz bu gün “Sileks” və Makedoniya futbolu üçün oynayacağıq”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu saat 20:00-da başlayacaq