“Bu, onun ustalığından xəbər verir” – Aftandil Hacıyevbackend

“Bu gün maraqlı oyun izlədik. Hər iki komanda çox qol epizodları yaratdı. Oyunu gözəlləşdirən nə var idisə, hamısı meydanda idi.

İkinci hissədə qolu tez buraxdıq. Futbolçularda ruh düşkünlüyü oldu. “Zirə”nin heyəti bizdən qat-qat genişdir. Bunu hiss etdirməməyə çalışdıq. Bəzi oyunçularımızda təcrübə çatmadı, bu da meydanda öz sözünü dedi”.

Sportfan.az xəbər verir ki, bu fikirləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 2-ci turunda evdə “Zirə”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, Mirsahib Abbasov ailəvi problemlərinə görə matçda iştirak etməyib: “Bu gün Peyman Keşavarza şans vermədik, bizim mərkəz müdafiəçimiz azdır. Urfanı bu mövqedə sınadıq, onda pis alınmadı. Çalışacağıq ki, əlimizdə olan heyətlə nəsə edək. Urfan Abbasov “Qəbələ” klubunda müdafiədə çıxış edib”.

Gənc baş məşqçi penaltidən istifadə edə bilməyən Rauf Əliyevlə bağlı bunları söyləyib: “Onu həmişə penaltini vuran oyunçu kimi tanımışıq. Qapıçı penaltini dəf etdi, bu, onun ustalığından xəbər verir. Rauf vura bilmədisə, o demək deyil ki, ona güvənməyəcəyik” (Report).