Cahangir Həsənzadə: “De Byazinin də düşüncəsinə uyğun bir modeli var” – MÜSAHİBƏbackend

AFFA-nın texniki direktoru vəzifəsinə müvəqqəti təyin edilən Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadənin apasport.az saytına müsahibəsi

– Təyinatınızdan əvvəl hansısa görüş oldumu və sizdən gözlənilən nədir?
– Düzü, karantinlə əlaqədar olaraq görüşə bilmədik. Bildiyiniz kimi, Bernhard Lippertin müqaviləsi başa çatıb və yeni sözləşmə imzalanmadı. Assosiasiya həmin vəzifə ilə bağlı mənim namizədliyim üzərində dayandı. Vəziyyət belədir ki, texniki məsələlərə cavabdeh şəxs mənəm. Lippertin səlahiyyətlərini öyrənməyə başlayıram, onun məsuliyyət daşıdığı məsələləri araşdırıram. Lazım olduğu halda da müdaxilə edirəm.

– Apardığınız araşdırmalardan hansı nəticələr çıxarırsınız?
– Səmimi deyim ki, bu vəzifəni icra edəcəyimi mən də bu gün öyrənmişəm. Bu üzdən dərin araşdırmalara vaxtım olmayıb. Lippertlə bundan əvvəl də sıx əməkdaşlıq edirdik. Onun cavabdeh olduğu sahələri az-çox bilirdim. Elit layihəsi, onun texniki tərəfdən verdiyi məsləhətlər var idi. İndi hazırkı məsələləri qabarıq şəkildə ön plana çıxarmalıyıq. Onlardan biri çempionatın başlanma tarixi və hansı şəraitdə başlayacağıdır. Mən də öz tövsiyələrimi verməyə çalışacağam.

– Lippertlə sıx əməkdaşlıq etdiyinizi dediniz. Almaniyalının ölkəmizdəki 12 illik fəaliyyətini necə dəyərləndirmək olar?
– Mən 3-4 ildir AFFA-da çalışıram. Amma bu qısa zaman kəsiyində gördüklərimə əsasən deyə bilərəm ki, onun böyük xeyri dəyib. Onun təcrübəsini Azərbaycanda bölüşməsi ən vacib məsələlərdən biri idi. Elit layihəsini Almaniyadan gətirib, Azərbaycanda tətbiq etdi. Kütləvi futbolun inkişafına dair atılan addımlar, eyni zamanda təhsillə əlaqəli məsələlər onun gördüyü işləri ortaya çıxarır. Aslan Kərimov artıq neçə ildir bizdə təhsil şöbəsinin rəhbəridir. Ona olan etimad da sırf Lippertlə ikili əməkdaşlığın bəhrəsidir. “Pro” lisenziyasını müstəqil şəkildə keçirə biliriksə, mütəmadi olaraq yeni lisenziyaların təşkili UEFA tərəfindən Lippertə olan etibarın nəticəsi idi.

– Ancaq Lippertlə bağlı tənqidi fikirlər də çoxdur. Əksəriyyət onun ölkə futbolunun inkişafı üçün heç bir addım atmadığı qənaətindədir…
– İstənilən insanın vəzifəsindən asılı olmayaraq, işində hansısa nöqsan ola bilər. Əgər işləyirsənsə boşluqlar əmələ gəlir. Sadəcə, həmin boşluqları vaxtında görmək və qarşısını almaq lazımdır. Heç kim deyə bilməz ki, işlədiyi müddətdə nöqsana yol verməyib. Getdiyin yol inkişafa doğrudursa, bu, uğurlu olacaq. Amma Lippertin AFFA-ya, Azərbaycan futboluna kifayət qədər köməyi olub.

– Texniki direktor vəzifəsini müvəqqəti deyil, daimi tutmağa hazırsınızmı?
– Hazıram. Sözsüz ki, həm idarəçilik, həm də texniki baxımdan hələ öyrənəcəyim çox şey var. Özümü doğrultmaq üçün verilən müddətdə üzərimə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağam. Bu təcrübə də sonrakı işimdə köməyimə çatacaq.

– Bu qərarın millidə yeni baş məşqçi təyinatı ilə əlaqəsi varmı?
– İnanmıram ki, yeni baş məşqçi ilə texniki direktorun dəyişməsi bilavasitə əlaqəli olsun.

– Millimizin yeni baş məşqçisi Canni de Byazi ilə bağlı hansı fikirdəsiniz?
– Hələlik böyük bir fikir irəli sürə bilmirəm. Düşünürəm ki, yeni nəfəs gəlir. De Byazi bizim üçün yeni simadır. Tələblər də yəqin ki, fərqli olacaq. Bilmirəm, daha sərt, yoxsa daha yumşaq olacaq. Bizə lazım olan millinin nəticəsi və işin yolunda olmasıdır. De Byazinin kifayət qədər təcrübəsi var. Xüsusən də, Albaniya yığması ilə qazandığı uğuru nümunə göstərmək olar. Məncə, de Byazi futbolumuza uğur gətirə biləcək insandır.

– İtalyan modelinin sistem baxımından Azərbaycan futbolu üçün faydalı ola biləcəyini düşünmək olarmı?
– Müasir futbolda bu anlayışlar səthi yanaşmadır. İtaliyada “Yuventus”, “Latsio”, “Napoli” kimi klublar var, amma hər birinin oyun sistemi fərqlidir. Yəqin ki, de Byazinin də düşüncəsinə uyğun bir modeli var. Amma ən vacib məqam futbolçulardır. Oyunçularımıza baxıb, onlara qiymət verdikdən sonra uyğun modeli seçməlidir.

– De Byazi ölkəmizdə hazırkı futbolçularla Albaniya ilə qazandığı uğurları təkrarlaya bilərmi?
– Açığı, son nəticələr hələlik o qədər də ümidverici deyil. Amma istənilən halda Azərbaycan futbolçuları inkişaf edir. Millətlər Liqasında niyə də uğurlu nəticə qazanmayaq? Təbii ki, bizdən ikiqat güclü olan komandalarla rəqabət aparmaq çətindir. Amma bizim çərçivəmizdə olanlarla mübarizə aparmaq olar. Bunun üçün tam konsentrasiya olunmalı və hamı bir yerə vurmalıdır. Belə olarsa, müsbət nəticə qazana bilərik.