Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi Albaniyanın “Panoramasport” nəşrinin suallarını cavablandırıb.
Sportfan.az həmin müsahibəni təqdim edir.
– Niyə Azərbaycan millisini seçdiniz?
– Albaniyadakından fərqli və mürrəkəb şəraitdə daha bir cəhd üçün Azərbaycanı seçdim. Hesab edirəm ki, ən azından Millətlər Liqası vasitəsilə belə bir imkanımız olacaq. Qrup mərhələsi asan keçməyəcək.
– Hansı fərqləri nəzərdə tutursunuz?
– Bunu ona görə dedim ki, komandanı hazırlaşdırmaq üçün vaxtım çox azdır. Avqustun ilk günlərində Azərbaycana gedəcəyəm, sentyabrın 5-də isə oyunlar başlayacaq. Fikrimcə, yığmaya çağırılacaq futbolçularla danışmalı, onları tanımalı, nəyə qadir olduqlarını bilməliyəm.
– Albaniya yığması ilə qazandığınız uğuru təkrarlaya bilərsiniz?
– Əlbəttə, istərdim. Amma hər vəziyyət eyni olmur, fərqlənir. Ən əsası, Albaniya millisində işləmək üçün daha çox vaxtım olmuşdu.
– Ansi Aqolli məşqçilər heyətində yer alacaq?
– Ümid edirəm ki, onu özümə köməkçi götürə biləcəyəm. Aqollinin “Nyu-York Kosmos”la ilin sonunadək müqaviləsi var. Görək, alınacaqmı? Bu, mənim üçün çox vacibdir. Çünki o, Azərbaycan futbolunu yaxşı bilir və çox ciddi insandır. Aqollinin peşəkarlığı xoşuma gəlir.
– Azərbaycan millisində Albaniyadakından fərqli nə edəcəksiniz?
– Hər bir anı yaşayacağam və ən etibarlı oyunçulardan hansının müsbət nəticə qazandığını qısa müddətdə tapmağa çalışacağam.
– Albaniya millisini Avropa çempionatının final mərhələsinə çıxardığınız üçün sizdən dünya çempionatına vəsiqə qazanmaq tələb oluna bilər. Bu amil sizi təzyiq altında qoya bilərmi?
– Hər kəsin maksimumu tələb etməsi mənim üçün normal görünmür. Düşünürəm ki, indi ilk növbədə Millətlər Liqasında qrupdan çıxmalıyıq.
– Azərbaycanda millisindən gözləntiləriniz nədir?
– Daha çox taktiki diqqət, həmçinin oyun zamanı topla daha sürətli hərəkət tələb olunur.