“Çelsi”dən iki futbolçusu ilə yeni müqaviləbackend

Futbol üzrə UEFA Çempionlar Liqasının qalibi olan İngiltərənin “Çelsi” klubu iki futbolçusu ilə müqavilənin müddətini artırıb. Sportfan.az xəbər verir ki, London təmsilçisi hücumçusu Olivye Jiru və müdafiəçisi Tyaqo Silva ilə yeni müqavilə bağlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan yeni müqavilələr imzalanıb. Təcrübəli futbolçuların əvvəlki sözləşmələri bu yaya qədər idi.

Qeyd edək ki, Olivye Jiru 2018-ci ilin yanvarında “Arsenal”dan “Çelsi”yə 17 milyon avro qarşılığında transfer olunmuşdu. 34 yaşlı futbolçu bu komandanın heyətində 119 matça çıxıb, 39 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub. Fransalı hücumçu bu klubda həm Avropa Liqasının, həm də UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.

Tyaqo Silva isə ötən ilin avqustundan London təmsilçisində çıxış edir. 36 yaşlı braziliyalı müdafiəçi 2020/21 mövsümündə meydana çıxdığı 34 matçda 2 qola imza atıb.

“Çelsi” qapıçısı Vilfredo (Villi) Kabalyero ilə də yollarını ayırıb. Klubun rəsmi saytının yaydığı məlumatda 39 yaşlı təcrübəli qolkiperin müqaviləsinin müddəti başa çatıb və o, komandadan ayrılıb. Argentina yığmasının sabiq üzvünə xidmətlərinə görə təşəkkür edilib.

Kabalyero 2017-ci ildən “Çelsi”də çıxış edirdi. O, bu komandanın heyətində cəmi 38 matça çıxıb. Təcrübəli qolkiper daha öncə “Mançester Siti”, “Malaqa”, “Arsenal Sarandi”, “Elçe” və “Boka Xuniors”da da forma geyinib.