DÇ-2022-də format dəyişə bilər- Canni İnfantinobackend

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Azərbaycan millisinin də mübarizə aparacağı seçmə mərhələsinin formatı dəyişdirilə bilər.

Sportfan.az xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino deyib.

Ali futbol qurumunun rəhbəri koronavirus pandemiyasının yaratdığı problem ucbatından bütün turnirlərdə təxirəsalmalar olduğundan, DÇ-2022-nin seçmə mərhələsi ilə bağlı mümkün dəyişikliyi istisna etməyib: “Hazırkı durumdan çox narahatam. Bu ciddi problemdir. Pandemiya səngiməsə, normal qaydada oyunları keçirə bilməyəcəyik. Səhiyyə orqanlarının qərarından asılıdır. Özümüz heç nə edə bilmərik”.

İnfantino 2022-ci ilin yanvarında beynəlxalq oyunlar üçün yeni pəncərə nəzərdə tutduqlarını bildirib: “Ehtiyac yaranarsa, başqa pəncərələr də tapmalıyıq. Avropada bir pəncərədə iki deyil, üç qarşılaşma oynamaq təcrübəsi var. Bunun necə işlədiyini və digər turnirlərdə istifadə edilə biləcəyini görmək olar. Yarış öncədən planlaşdırıldığı kimi, martda deyil, iyunda bitəcək. Final mərhələsinin noyabr-dekabr aylarında olmasına görə, bəlkə də, şanslıyıq. Çünki daha çox vaxtımız olacaq”.