“De Byazi bizimlə də uğur qazanacaq”- Ağabala Ramazanovbackend

“Canni De Byazi deyəndə insanın ağlına Albaniya millisi ilə qazandığı uğurlar gəlir. Amma hər halda əvvəlcədən geniş danışmaq olmur. Ümid edirəm ki, bizimlə də uğur qazanar”.

Sportfan.az xəbər verir ki, bu fikirləri  “Zirə” komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Ağabala Ramazanov italiyalı Canni De Byazinin Azərbaycan yığmasına baş məşqçi təyinatına münasibət bildirərkən deyib.

UEFA Millətlər Liqasında yaxşı nəticə qazana biləcəklərinə ümid edən 27 yaşlı hücumçunun sözlərinə görə, bundan ötrü, ilk növbədə, inanmaq lazımdır: “Millətlər Liqasında maksimum nəticə qazanıb, növbəti mərhələyə adlamaq bizim üçün çox gözəl nəticə olar”.

Qeyd edək ki, AFFA Azərbaycan millisinin baş məşqçi postu üçün Cianni De Byazi ilə müqavilə imzalayacaq. Komanda Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. Yığma C Liqasının 1-ci qrupunda Monteneqro və Kipr komandaları ilə də qarşılaşacaq.(report)