Dünya futbolunun koronavirusa görə itkisi açıqlandıbackend

Dünya futbolunun koronavirus pandemiyasından qaynaqlanan maliyyə itkiləri 2020-ci ildə 14 milyard ABŞ dolları təşkil edəcək.

Sportfan.az xəbər verir ki, bu barədə “Reuters”ə COVID-19 iqtisadi fəsadlarının aradan qaldırılması üzrə FIFA Komitəsinin rəhbəri Olli Ren bildirib. Bu, ümumi klub futbol bazarının üçdə birini təşkil edir.

Ren qiymətləndirmənin mövcud ssenariyə əsaslandığını, lakin pandemiyanın səngiyəcəyi təqdirdə məbləğin dəyişə biləcəyini söyləyib: “Koronavirus pandemiyası futbola çox zərbə vurdu, müxtəlif səviyyələrdə qarışıqlığa səbəb oldu. Bəzi peşəkar klublar çox ciddi çətinliklərlə üzləşib. Akademiyalar və aşağı divizion klubları ilə əlaqədar vəziyyət məni də çox narahat edir”.

FIFA rəsmisi bildirib ki, Afrika və Asiyada futbolu inkişafı istiqamətində səylərin qarşısının alınma təhlükəsi var: “Vaksinin işlənib hazırlanması və onun istifadəsi, pandemiyanın tam dayandırılması üçün tibbi və digər vasitələrin mövcudluğu kimi məsələlər həlledici olacaq. Bunlar hələlik məlum deyil. Hadisələrin ən pis inkişafını istisna edə bilmərik. İndi biz hazırkı ssenari əsasında işləyirik”.