“İstəyirik ki, milli üzvləri məşqsiz qalmasınlar”- Vaqif Sadıqovbackend

“U-21-in baş məşqçisi Milan Obradoviç bizə müraciət etdi ki, Şakir Seyidov, Emil Qasımov və Elçin Mustafayev məşqiz qalıblar, onların məşq etməsinə şərait yaradın”.

Busaat.az xəbər verir ki bunu  AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma üzvlərinin “Sabah”ın əsas heyətindən kənarlaşdırılması barədə danışarkən deyib.

Məşqçilər Komitəsinin sədri bildirib ki, serbiyalı mütəxəssisin müraciətindən sonra hər iki tərəflə söhbət edib: “Futbolçuları AFFA-ya dəvət edib hər birini dinlədim. Daha sonra klub rəhbərliyi ilə danışığımız oldu. Hər iki tərəfi tamamilə yaxşı başa düşdüm. “Sabah” rəhbərliyindən xahiş etdim ki, milli komandanın futbolçuları fəaliyyətsiz qalmasınlar, məşqləri davam etdirsinlər. Çünki onlar yığmaya gələndə hazır olmalıdırlar”.

Sadıqovun sözlərinə görə, AFFA bu cür məsələlərdə klubun daxili işinə müdaxilə edə bilməz: “Biz sadəcə hər iki tərəfi dinləyib ortaq yol tapmağa çalışdıq. Federasiyanın mövqeyi odur ki, tərəflər bir-birilərini başa düşsünlər, futbolçular fəaliyyətsiz qalmasınlar, bununla həm klublarına, həm də milli komandaya xeyir verə bilsinlər. Bu gün də oyunçular əvəzedici komanda ilə məşqə buraxılıblar. Artıq müsbətə doğru ilk addımlar atılıb”.

Qeyd edək ki, Şakir Seyidov, Emil Qasımov və Elçin Mustafayev “Sabah”ın 3 illik müqavilə təklifini qəbul etmədikləri üçün əvəzedici komandaya göndəriliblər. (“Report”)