Mahiri gözləyən zülümbackend

Son günlərin əsas trendi “Qarabağ”ın artıq sabiq hücumçusu Mahir Emrelinin Polşa çempionu “Legiya”ya transfer edilməsidi. Fikirlər haçalanıb. Kimisi futbolçularımızın legioner həyatının qısa olmasını xatırladaraq, bu dəfə də analoji halın yaşanacağını iddia edir, kimisi də Mahirin uğurlu olacağını proqnozlaşdırır. Hər iki tərəfin də arqumentləri əsaslıdı.

Birincilər azərbaycanlı futbçuların xaricdə darıxdığını və fərqli mühitə alışa bilməmələrini,  mentalitetimizin spesifikasını önə çəkir. Bu arqumentləri gətirən insanların əlində statistika da var. Həqiqətən rəqəmlər və faktlar onların haqlı olduğunu sübut edir. Neçə-neçə futbolçumuzu bəh-bəhlə xaricə yola salmışıq, üstündən 1 il ötməmiş əlləri ətəklərindən uzun qayıdıblar üstümüzə.

Mahirin ölkə xaricində uğurlu olacağını düşünənlər isə onun karyerasını qabardır. Adam nə az nə çox, 6 ildi “Qarabağ”ın şərəfini qoruyur. O “Qarabağ”ın ki, bu illər ərzində 6 dəfə qitəmiqyaslı yarışların qrup mərhələsində oynayıb. Özü də bu illər ərzində Emreli ehtiyat qüvvə yox, komandanın əsas silahlarından sayılıb. İyulun 1-də 24 yaşı tamam olacaq hücumçunun aktivində 5 çempionluq var. Ağdamlıların tarixi nailiyyəti – Çempionlar Liqasının qrupuna düşdüyü mövsümün pley-offunda “Kopenhagen”ə vurulan evdəki yeganə qolun müəllifi də Mahir olub.

Göründüyü kimi, hər iki tərəfin arqumentləri tutarlıdı. Ortaya tam yerinə düşən sual çıxır: “Ay müəllif, bəs sən hansı qrupa daxilsən?”. Sualın cavabını yazının sonunda verəcəyik. Hələliksə cavab üçün fərqli rakursa baş vuraq.

Mahir yeniyetmə yaşından “Qarabağ”ın A komandasına cəlb edilməyə başladı. Doğrudu, daha çox cinah yarımmüdafiəçisi kimi. Amma komandayla bərkə-boşa düşən futbolçu əvəzsiz beynəlxalq təcrübə qazanmağa başladı. Son 4 mövsümun hər biri başa çatan kimi Emrelinin ölkə xaricinə gedəcəyinə dair informasiyalar yayılmağa başlayırdı. Özü də bunların bir qismi heç də əsassız deyildi. Ancaq hər dəfə keçid baş tutmurdu. Fikrimizcə, bunun əsas səbəbkarı Qurban Qurbanov idi. Təcrübəli mütəxəssis forvardı ölkə xaricində çıxışa hələ hazır olmadığı üçün bir neçə il də sərəncamında saxladı, “bişirdi”. Bura tək texniki-taktiki hazırlıq deyil, bundan da vacib psixoloji durum aid edilməlidi. Vaxtilə Emreli kəskin tənqid ediləndə Qurban Qurbanovun şəklini paylaşaraq “Mənə tək sən nəsihət verə bilərsən” yazmışdı. Bu da futbolçunun baş məşqçisinin hər sözünə sonsuz güvənindən qaynaqlanan bir məqamdı. Deməli, güvəndiyi Qurbanov da ona “artıq hazırsan” deyib ki, bu da Mahirin özünə inamını hədsiz artıracaq.

Emrelinin lehinə işləyən daha bir  xüsusiyyət ingilis dilinə sahib olmasıdı. Azərbaycanlı futbolçuların böyük əksəriyyəti heç bir beynəlxalq dil bilmədiyi üçün xaricə gedən kimi yad atmosferə düşür, ünsiyyət qurmağa insan tapa bilmir və bunun nəticəsində tənhalığa qapılmalı olub. Belədə, insanın bezməsi təbiidir. Amma “Legiya”nın yeni azərbaycanlı transferi belə bir problem yaşamayacaq.

Futbolçumuzun daha biri üstünlüyü qızıl medal kolleksiyasının bol olmasıdı. Hücumçu Polşanın sıradan bir komandası deyil, ölkə çempionu olan kluba gedib. Deməli, nəticə tələbi ən yüksək səviyyədə olacaq. Ancaq bu faktor Mahirə mənfi təsir göstərə bilməz. Çünki bu təcrübəni “Qarabağ”da yetərincə qazanıb.

Yuxarıda qeyd etdiyimiz amillərin hər biri müsbət olsa da, bir məqam narahatlıq doğurur. Söhbət məşqlərin ağırlığından gedir. “Qarabağ” funksional hazırlıq baxımından ölkənin ən öndə gedən iki komandasından biri olsa da, sirr deyil ki, azərbaycanlı futbçular bu baxımdan beynəlxalq arenada ciddi problemlərlə üzləşir. Mahir yüklənməyə tab gətirəcəkmi? Bax, bu, futbolçumuzun ən problemli məsələsi ola bilər. Bu sınaqdan da çıxmağı bacarsa, Emreli artıq 6 aydan sonra şəxsi göstəricilərini bir xeyli artırmış olacaq və bunun millimizə də böyük xeyri dəyəcək, özünün karyera yüksəlişinə də.

Göründüyü kimi, Emrelinin uğurlu əcnəbi karyerası yaşamaq şansı yetərincə yüksəkdi. Təki fiziki yükləmələrə duruş gətirə bilsin.

CEYHUN ƏLİYEV

P.S. Bir neçə il əvvəl söhbət əsnasında U-19 millimizin baş məşqçisi Samir Əliyevdən Ukrayna kimi çempionatda çıxış edən “Volın”ın məşqlərinə necə tab gətirdiyini soruşmuşdum. Cavabı? “İlk aylar zülüm idi e, Ceyhun, zülüm! Möhkəm iradə lazımdı ki, oyrəşəsən”.