Maykl Essyenlə yollar ayrıldı- “Səbail”backend

“Səbail” klubu ulduz futbolçusu Maykl Essyenlə yollarını ayırıb. Bu barədə “Report”a klubun Müşahidə Şurasının üzvü Cahangir Həsənzadə məlumat verib. Onun sözlərinə görə, qanalı yarımmüdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb.

Həsənzadə Essyenə hazırda klubda və akademiyada hansısa vəzifə verilməsi ilə bağlı müzakirələrin getmədiyini söyləyib: “Daha əvvəl belə bir niyyət var idi. Kluba gələndə öz istəyi idi ki, klubumuzun U-19 komandasında köməkçi-məşqçi qismində çalışsın. Biz də bunda maraqlı idik. Düşünürdük ki, belə bir dünya səviyyəli oyunçu futbolun sirlərini bizim yeniyetmələrimizə aşılasın. Belə futbolçular Azərbaycana az sayda gəlir. Amma təəssüf ki, müqaviləsi bitəndən sonra bu məsələ gündəmə gəlmədi”.

Azərbaycan millisinin sabiq qapıçısı “Maykl Essyen “Səbail”dən birdəfəlik getdi” sualına belə cavab verib: “Bəli, elədir. İyulun 18-də Bakıdan Londona uçacaq”.

Qeyd edək ki, Maylk Essyen “Səbail”ə 2019-cu ilin martında keçmişdi. O, karyerası ərzində İngiltərənin “Çelsi”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Milan” klublarının şərəfini qoruyub.