Medalları əllərindən alınan azərbaycanlı idmançılar- SİYAHIbackend

Azərbaycanın 7 idmançısının nəticələri ləğv edilib və qazandığı medallar geri alınıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA Sportfan.az saytına verilən məlumata görə, bu, qurumun idman federasiyalarına ünvanladığı məktub əsasında gerçəkləşib.

Antidopinq qayda pozuntusunu törətmiş və barəsində idmandan uzaqlaşdırılma qərarı qüvvəyə minən bütün idmançıların dopinq nəzarətinin keçirildiyi zaman əldə etdiyi nəticələri ləğv edilməli və müvafiq olaraq medallar geri alınmalıdır. Bununla yanaşı, onların əvəzinə həmin nəticəyə avtomatik nail olmuş idmancıların yerləri bərpa edilməli və müvafiq medallar verilməlidir.

Bu barədə AMADA tərəfindən bütün aidiyyəti respublika idman federasiyalarına rəsmi məktub göndərilib. Dopinq nəzarətinin əsas məqsədi idmanda ədalət prinsipinin təmin edilməsi, təmiz idmanın və idmançıların hüquqlarının qorunmasıdır.

Hər hansı bir idmançının qadağan edilmiş maddə və ya üsullardan istifadə etməklə əldə etdiyi nəticələr idmanda ədalət və bərabər imkanlar prinsipinin, habelə yarışlarda iştirak edən digər idmançıların hüquqlarının pozulmasıdır. Bu cür hallarla ciddi mübarizə aparmaqla yanaşı, yarışlarda iştirak edən digər idmançıların hüquqlarının bərpası vacib məsələlərdən biridir. Bu, yarışlarda iştirak edən digər idmançıların karyerası, idman reytinqi və beynəlxalq yarışlarda iştirak imkanları baxımından əhəmiyyətlidir. Bu səbəbdən qadağan edilmiş maddə və ya üsullardan istifadə edən idmançıların antidopinq qayda pozuntusu törətdikləri yarışlarda əldə edilən nəticələri ləğv edilməli və rotasiya qaydasında sıralama yenidən tərtib olunmalıdır.

2019-cu ildə  5 idman növü üzrə 5 yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) 7 idmançıdan  toplanmış test nümunələrinin nəticəsi müsbət çıxmış və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minmişdir.  Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla)  barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılmışdır.

Həmin idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlər görülüb və adları aşağıda göstərilən idmançıların nəticələri ləğv edilib, medalları geri alınıb.

1. Həsənbəy Həsənzadə (ağır atletika, +109 kq) – 2019-cu ildə keçirilən böyüklər arasında Azərbaycan çempionatında I yer
2. Vasif Səfərov (ağır atletika, +109 kq) – 2019-cu ildə keçirilən böyüklər arasında Azərbaycan çempionatında II yer
3. Orxan Zeynalov (ağır atletika, 81 kq) – 2019-cu ildə keçirilən böyüklər arasında Azərbaycan çempionatında II yer
4. Vüqar Şirinov (sambo, 52 kq) – 2019-cu ildə keçirilən Azərbaycan kubokunda I yer
5. Aliyə Müslümova (cüdo, 78 kq) – 2019-cu ildə keçirilən U-21 gənclərin Azərbaycan birinciliyində II yer
6. Jalə Bayramova (güllə atıcılığı) – 2019-cu ildə keçirilən Azərbaycan  çempionatında I yer
7. Kamran Orucov (boks, 63 kq) – 2019-cu ildə keçirilən Azərbaycan  çempionatında III yer.