“Mən klubun daxili işinə qarışa bilmərəm “- Ağasəlim Mircavadovbackend

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun Qol.az-a müsahibəsi

– Avrokuboklardakı təmsilçilərimizin rəqibləri bilindi və maraqlıdır ki, Şimali Makedoniyanın üç klubu ölkəmizə gələcək. Klublarımızın mərhələ adlamaq şanslarını necə dəyərləndirirsiniz?

– Bilirsiniz, bu, Avropa oyunlarıdır. Avrokubok matçlarına hazır olmalısan. Məşq prosesi və s. cəhətdən. Əvvəllər pandemiya yox idi, ona görə də xaricə gedirdilər, hazırlıq keçirdilər. Hazırlıq bu deyil ki, mən yalnız xaricə gedirəm. Orada oyunlar olur. Güclü komandalarla yoldaşlıq görüşləri keçirirsən. Belə olanda oyun vaxtı səhvlər bilinir.  O səhvlərin üzərində işləyirsən. Mən deyərdim ki, bəzi klublar yavaş-yavaş avrokubok oyunlarına hazır ola bilərlər. Dörd komandamızın hamısı öz meydanında  oynayacaq. Şanslarımız çox böyükdür.

– Pandemiya klublarımıza necə təsir edəcək?

– Pandemiya bizim klublarla bərabər bütün dünyaya təsir edir. Yəni, rəqibə də təsir edir, bizə də. Amma hazırda bu prosesdən çıxmaq, ağıllı hərəkət etmək, iş görmək lazımdır ki, bu problemlər olmasın. Mənim fikrimcə, komandalarımızın 4-ü də 1-ci təsnifat mərhələsini keçə bilər.

– Qəbələdə komandalarımızın hazırlıq prosesini, oyunlarını izləmisiniz. Oradakı toplanışı necə dəyərləndirirsiniz?

– Bəli, bizim yaxşı bölgəmiz var – Qəbələ. Çox gözəl gözəl yerdir. Bütün klublar orada işlədilər. Meydançalar, infrastruktur, şərait yüksək səviyyədədir. Oyun prosesinə gəldikdə isə bir-biriləri ilə qarşılaşdılar. Bu da yaxşıdır. Məşqlərinə, oyunlarına baxırdıq. Burada bir məsələ var – transfer. Xaricilərin Bakıya gəlmək məsələsi bir az klublarımız üçün problem yaradırdı. Amma elə klublar var ki, bu problemi həll edir, istədiyi futbolçuları alır. “Qarabağ”ın da aldığı oyunçular gəldi. Amma transfer məsələsi klublara bir az problem yaradır.

– Qəbələdə az bir müddətdə keçirilən hazırlıq komandalarımıza kifayət edəcək?

– İndiki halda məşqçi amili həddindən artıq  böyük rol oynayır. Çünki qısa bir vaxtda oyunlara hazırlıq gedir. Özü də matçların arasında cəmi bir həftəlik vaxt var. Həm də mərhələlər bir qarşılaşmadan ibarətdir. Məşq, bərpa prosesi, komandanın psixoloji durumu önəmlidir. İlk oyunlardan sonra komandalarımızın hansı vəziyyətdə olduğunu görəcəyik.

– Mərhələnin bir matçdan ibarət olması və hər dörd komandamızın evdə oynayacağını nəzərə alsaq, təmsilçilərimizin cütün favoriti olduğunu deyə bilərik? 

– Bəli, əvvəllər iki qarşılaşmadan ibarət idi. Adətən, buraya gələn komandalar çalışırdılar ki, qol buraxmasınlar, maksimum bir top fərqi ilə  uduzsunlar və öz meydanlarında 2-3 qol vurub, qələbə qazansınlar. İndi isə rəqiblər də hücuma keçəcəklər. Hər iki komandaya qələbə lazımdır. İndiki halda məşqçi heyətinin taktiki gedişləri böyük rol oynayacaq.

– Şimali Makedoniyada çempionat başlayıb və artıq 2 tur arxada qalıb. Bu, rəqiblərimiz üçün üstünlük yarada bilər?

– Bəli, ola bilər ki, oyun təcrübəsini bir az artırsınlar. Amma hazırda bizim komandalar da bir-birləri ilə yoxlama görüşləri keçirirlər. Hamısı oynayıb. Mən belə başa düşürəm ki, heç bir problem olmamalıdır.

– Dünyanın əksər klubları kimi, bizdə də məşqlərə bir qədər tez başlamaq olmazdımı?

– Məşqlərə tez və ya gec başlamaqdan asılı olmayaraq, bu işdə motivasiya böyük olmalıdır. Xoşbəxtlikdən matçlar doğma meydanda, Azərbaycandadır. Bu, bizə böyük şans verə bilər. Amma o demək deyil ki, öz evimizdə oynayırıq, hamımız hücuma keçək, xeyr. Ağıllı oyun olmalıdır, səhv etməməlidirlər. Bunun üçün də rəqib haqda informasiya olmalıdır. Hətta mən istərdim ki, şərait olsa, həmin rəqiblərin oyunlarını gedib stadiondan da izləsinlər, öyrənsinlər.

– Klublarımızın yeni transferləri ilə bağlı nə deyə bilərsiniz?

– Klub hansısa oyunçunu alırsa, onun müsbət və mənfi cəhətlərini bilir. Yoldaşlıq görüşlərində futbolçunun komandaya fayda verib-verməyəcəyini hiss edirsən. Amma bir iş var ki, sən oyunçunu çempionata görə alırsan. Amma bir oyuna görə tam demək olmaz ki, bu futbolçu lazımdır, ya lazım deyil. Yəni, ən əsası, sənin həmin oyunçu barəsində informasiyan olmalıdır. Hansı klubdadır, neçə oyunda çıxış edib? Hücumçudursa, nə qədər qol vurub? Çoxlu sarı vərəqə alır, ya yox? Bunların hamısı şərtdir axı. Mənə elə gəlir ki, istədiklərini alıblar. Matçlarda bilinəcək ki, transferlər düzgündür, ya səhvdir.

– Bayaq dediniz ki, baş məşqçi işləməlidir, komandayla müəyyən planlar qurmalıdır, rəqibi analiz etməlidir. “Keşlə”də Avroliqa oyunu öncəsi baş məşqçi dəyişikliyi oldu. Komandanı Tərlan Əhmədov hazırlamışdı, Avropa Liqasına vəsiqə qazanmışdılar. Bu məşqçi dəyişikliyinə münasibətiniz necədir?

– Düzü, mən bu haqda fikrimi deyə bilmərəm. Çünki klubun daxili işidir. Mən klubun daxili işinə qarışa bilmərəm. Dəyişiklik olub, baş məşqçi vəzifəsinə Yunis Hüseynov gəlib. Demək olmaz ki, hansı fikirlə gəlib, klub prezidenti onunla necə danışıb. Biz bunu bilmirik. Mən belə başa düşürəm ki, “Keşlə” də Avroliqanın 1-ci təsnifat mərhələsini keçə bilər. Bu istək komandada var. Çünki klubun prezidenti də çox istəklidir.

– “Qarabağ” sabah Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacaq. “Qarabağ”dan həm sabahkı matçda, həm də turnirdə gözləntiləriniz nədir?

– Adətən “Qarabağ” oyundan-oyuna artırır. Bu da düzgün fikirdir. Hər halda ilk oyunda qələbə qazanılmalıdır ki, ikinci matça da hazır olasan. Onda komanda istəkli olur, qələbə ruhu artır. Amillər çoxdur. Qələbə vacibdir. Mən belə başa düşürəm ki, komanda öz üslubunda oynayacaq. Hansı legionerləri alıblarsa, onlardan da istifadə edəcəklər. Amma yenə də “Qarabağ”ın heyəti oturuşmuşdu. Buna görə də problem olmamalıdır.

– Artıq yeni mövsümə az qalıb, çempionatımız yenə 8 komanda ilə başlayır. Bu mövsüm daha iddialı komandalar görə bilərikmi?

– Məncə, klublar özləri iddialı olmalıdır. Gör neçə ildir bir-biriləri ilə oynayırlar. Özləri iddia yaradanda, inkişaf da ola bilər. Bütün klublara uğurlar arzulayıram. Çünki yaddan çıxarmayaq ki, oyunçular yığmaya klublardan gəlir. Komandalar yaxşı çıxış edəndə futbolçular da yığmaya hazır vəziyyətdə gəlir. Milli komandanın məşqçi korpusu o qədər də əziyyət çəkmir. Yəni, əsas iş klublarda olur. Onlar da çempionatı yaxşı vəziyyətdə keçirməlidirlər.

– Yığmadan danışmışkən, Millətlər Liqasının da oyunlarına az qalıb. Canni de Byazinin rəhbərliyi ilə milli komandadan nə gözləmək olar?

– O, yeni baş məşqçidir. Əvvəlcə Azərbaycan futbolu haqda böyük informasiyası olmalıdır. Yığmanın keçirdiyi matçlara fikir verməlidir, baxmalıdır. Nəticə çıxarmalıdır ki, hansı üslubda oynamaq lazımdır. İndi əlbəttə ki, onun da öz fikirləri var. Yeni baş məşqçidir, özü də italiyalıdır. Onların başqa oyun üslubu var. Görək, onlar öz italyan üslublarını bura gətirəcəklərmi. Yəqin ki, komandamız oyundan-oyuna inkişaf edəcək.

– De Byazi ilə görüşmüsünüz?

– Xeyr. Hələ görüşümüz olmayıb. Çünki vəziyyət elədir ki, biz federasiyaya az-az gedirik.