Messi üçün 3 variant- karyerası ilə bağlıbackend

“Barselona”nın hücumçusu Lionel Messi klubdakı gələcək karyerası ilə bağlı hələ qərar verməyib.

Sportfan.az İspaniyanın “Marca” nəşrinə istinadla yazır ki, hadisələrin üç istiqamətdə inkişafı variantı var.

Birinci variant ən arzuolunmazıdır. Buna əsasən, Messi bu yay klubla müqaviləni ləğv edərək başqa komandaya keçir. Amma “Barselona”nın prezidenti Xosep Mariya Bartomeu buna imkan vermək niyyətində deyil. Əks halda o, tarixə Messinin klubdan gedişatına şərait yaradan prezident kimi düşəcək.

İkinci varianta görə, Leo müqaviləsinin bitdiyi günə – 2021-ci ilin yayına qədər komandada qalır. Belə olan halda o, yanvarda xarici klublarla danışıqlara başlaya və ilkin müqavilə bağlaya bilər.

Nəhayət, üçüncü variant müqavilənin müddətinin artırılmasıdır. Messinin klubun müraciətinə müsbət cavab verəcəyi istisna deyil. Amma ehtimal edilir ki, bu halda, o, uzunmüddətli müqavilə bağlamayacaq.