“Molde”nin ədalətsizliyi bizi məyus edir” – Tahir Gözəlbackend

“Hazırda yaranmış vəziyyət həqiqətən çox üzücüdü. Norveç tərəfinin bəlli ədalətsizliyi bizi həqiqətən məyus edir. Bu məsələdə “Qarabağ”  tərəfi  sonuna qədər haqlı olsa da UEFA Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydançada keçirilməsinə yönəlib.

Sportfan.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç “Molde”si ilə oyunun harada keçiriləcəyi barədə danışarkən deyib.

Funksioner hər zaman ədalətli oyunun tərəfdarı olduqlarını bildirib: “Əgər püşk bizi Norveçdə oynamağa göndərsəydi məmnuniyyətlə bunu edərdik. Amma görünən odu ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən qaçaraq neytral meydanda oynamaq istəyir. Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik. AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qarşılaşmanın 3-cü ölkədə keçirilməsi haqqında qərar verilsə  razılıq verəcəyik.  Buna səbəb bizim futbolu bir idman kimi , bu oyunun masa arxasında deyil, yaşıl meydanda olan bir oyun kimi görməyimizdi. Mən komandama inanıram. Və bu qarşılaşmanın yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olursa olsun komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəm”.

Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan “Qarabağ” – “Molde” matçı saat 20:00-a təyin olunub. Norveç klubu Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş etsə də, rədd cavabı almışdı.