Müqavilə müddəti bitənlərlə danışıqları davam etdirir- “Sumqayıt”backend

Avropa Liqasına hazırlığını Qəbələdə davam etdirən “Sumqayıt” transfer çalışmalarını davam etdirir.

Sportfan.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi müqavilə müddəti başa çatan futbolçularla danışıqları da intensivləşdirib.

Bunlar müdafiəçilər Rail Məlikov, İlqar Qurbanov, yarımmüdafiəçi Əmir Ağayev və hücumçu Amil Yunanovdur. Baş məşqçi Ayxan Abbasov adıçəkilən oyunçuların xidmətində maraqlı olduğundan, onlarla danışıqlar davam etdirilir.

“Sumqayıt” eyni zamanda müqavilə ilə “Maşinsazi”yə məxsus olan Peyman Babayidən də əlini üzmür. Ötən mövsüm komandada icarə əsasında çıxış edən hücumçunun transferi üçün rəhbərlik İran klubu ilə təmasdadır.

Qeyd edək ki, “Sumqayıt” yay fasiləsində Şəhriyar Əliyev, Aleksey İsayev, Sərtan Taşkın, Elvin Cəfərquliyev və Mehdi Şərifi ilə yollarını ayırıb.