“Neftçi” yeni hücumçu transferində… MÜTLƏQ TƏLƏSMƏLİDİRbackend

“Neftçi” bütün diqqətini Avropa Liqası matçına yönəldə bilər. “Şkupi” ilə oyun öncəsi qazanılan qələbə komandanın əhval-ruhiyyəsinə müsbət təsir etməlidi.

Bakılılar Premyer Liqada yeni mövsümə əla start verdi. Düzdü, nəticə (2:1) rəqibdən aşkar üstünlüyü göstərmir. Amma oyuna baxanlar təsdiq edər ki, “Neftçi” “Səbail”dən çox üstün idi və ikinci qoldan sonra arxayınlaşmasaydı, daha çox avrokubok matçını düşünməsəydi, darmadağın da reallaşardı.

“Neftçi” istədiyi vaxt təzyiqi artırır, rəqibi qapısına sıxışdırırdı. Yeni transferlər hələ ansambla tam uyğunlaşmasa da, ümumi ab-havanı pozmurdular. Start oyunu olduğundan bəzi anlaşmazlıqlar başadüşüləndi, zamanla yoluna düşəcək. Hücumçu transferi reallaşdıqdan sonra “ağ-qaralar”ın daha yaxşı olacağını təxmin edirik.

“Səbail” matça itkilərlə çıxsa da, ümumi heyət bir o qədər zəif deyil. Qarşıdakı fasilə dönəmində daha 2-3 transfer reallaşdırmaq mümkün olsa, “dənizçilər” çox baş ağrıdacaq. Xüsusilə müdafiə xəttində təcrübəli oyunçular var. Düzdü, dünən “Neftçi” rəqib müdafiəsini məhz mərkəzdən yardı, amma bu, daha çox ön xəttdəki dişsizliyin nəticəsi sayılmalıydı – hücumda və yarımmüdafiədə oyun alınmayınca təzyiq müdafiənin üzərinə düşürdü.

Təsadüfi deyil, Aftandil Hacıyev ön xətdə etdiyi əvəzləmələrlə komandasını canlandırdı. Ruslan Hacıyevlə zədəli halda döyüşə atılan Rauf Əliyevin meydana daxil olmasından sonra qonaqlar hesab arasındakı fərqi azaltdı, hücuma daha çox çıxmağa başladı. Amma gec idi, üstəlik, Füzuli Məmmədov da zamanında oyuna müdaxilə edib qələbə hesabını qorumağı bacardı.

“Neftçi” hücumçu transferində tələsməlidi. Stiven Monroz əsl forvard deyil, Mirabdulla Abbasov özünə gələ bilmir. Bu səbəbdən Namiq Ələsgərovun dublu aldadıcı olmamalıdı, cinah yarımmüdafəçisi sadəcə, rəqibin aşkar səhvlərindən faydalandı, əsl hücumçu kimi özü real şans yaratmadı. Ümid edirik, “Şkupi” ilə matç qəzasız bitər və qarşıdakı oyunlarda xüsusi diqqətlə seçilmiş yeni hücumçunu görərik.

Oyunla bağlı digər məqamlar da var idi. Məsələn…

* Boş tribunalar önündə keçirilən matçı maraqlı etmək üçün “Neftçi” azarkeşlərinin şüarlarını audioyazı formasında səsləndirir, komandanı ruhlandırırdı.

* Pandemiya üzündən tətbiqi nəzərdə tutulan bütün tədbirlər yerində idi, media sektorunda sosial məsafənin qorunmasına xidmət edən addımlar atılmışdı.

* “Səbail”in oyuna xeyli gec çıxmasının səbəbini öyrənə bilməsək də, onların cərimələnəcəyi ehtimal olunur.

* “Bakcell Arena”nın kövrək qazonu matçdan sonra çox pis vəziyyətə düşmüşdü. “Şkupi”ylə oyunadək problemin yoluna qoyulacağına ümid edirik.

* “Səbail”in heyətində meydana daxil olan Ruslan Hacıyev “Qarabağ”ın Çempionlar Liqasında “Sileks”lə oyunu üçün sifariş edilmişdi. Sonradan öyrəndik ki, ötən mövsüm “dənizçilər”in heyətində olmuş gənc futbolçu yenə icarəyə götürülüb.

* Çempionatın açılış mərasimində himn səslənərkən legionerlər bir yana, bəzi yerli oyunçular da buna biganə yanaşdı. Ən pisi hamının bayrağa doğru çevrilməli olduğu bir zamanda hakimlərin futbolçuları klub rəhbərləri ilə göz-gözə dayandırması oldu (futbolinfo.az).