“Onlarla çox yaxşı anlaşırdım. Məni tək buraxdılar“- Xayme Romerobackend

“Qol gözəl alındı, çünki müdafiəçinin yaratdığı boşluqdan yararlandım. Ozobiçin mənə verdiyi ötürmə də çox yaxşı idi”.

Sportfan.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Xayme Romero AS nəşrinə açıqlamasında deyib.

İspaniyalı futbolçu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Sileks”ə qalib gəldikləri oyunu (4:0) dəyərləndirərkən “Qarabağ” və Bakı haqda da danışıb: “Böyük klubda oynadığım üçün çox xoşbəxtəm. Bazalar, şəhər… Hər şey əladır. Ötən il ölkə çempionu olduq, Avropa Liqasının qrupunda oynadıq. Burada özümü rahat hiss edirəm. Vacib hədəflər uğrunda mübarizə futbolçunu motivasiya edir”.

X.Romero “Qarabağ”ın qarşıdakı hədəflərindən də danışıb: “Çətin olacaq. Çünki təsnifat mərhələlərində güclü komandalar olur. Ancaq  məqsədimiz avrokuboklarda yolumuza davam etməkdir. Çempionlar Liqasında qrupa düşə bilməsək, Avropa Liqasının qrupunda oynamağa çalışacağıq”.

İspan futbolçu həmyerliləri Dani Kintana və Miçelin “Qarabağ”dan ayrılmasına təəssüfləndiyini də bildirib: “Onlarla çox yaxşı anlaşırdım. Məni tək buraxdılar. Xoşbəxtlikdən qardaşım Dani burada, əvəzedici komandadadır”.