Püşkə münasibət bildirdi – Ayxan Abbasovbackend

“Tariximizdə ilk dəfə qatılacağımız Avropa Liqasındakı rəqibimizin kimliyini səbirsizliklə gözləyirdik”.

Sportfan.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc mütəxəssis UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkünə münasibət bildirib. O, klubunun saytına açıqlamasında Şimali Makedoniyanın “Şkendiya” ilə görüşdə layiqincə oynayacaqlarına inam ifadə edib: “Dünən axşam məlum olan 4 potensial rəqibləri demək olar ki, analiz etmişdik. Onların hamısı öz liqalarının güclü klublarından idi. Püşkün nəticəsinə əsasən, Şimali Makedoniyanın “Şkendiya” klubunu qəbul edəcəyik. Rəqibimiz ötən mövsüm çempionatı 3-cü pillədə bitirib. Olduqca güclü heyətə malikdirlər. Rəqibin heyətinə nəzər yetirsək, görərik ki, ötən mövsümün ikinci bombardiri də məhz bu komandanın üzvüdür. Şimali Makedoniya təmsilçisinin ən böyük üstünlüyü isə “Sumqayıt”la oyuna qədər çempionatda 3 tur oynaması olacaq. Avropa Liqasında Azərbaycanın adını layiqincə təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Qeyd edək ki, matç avqustun 27-də Azərbaycanda olacaq.