“Qarabağ” böyük klubdur, biz isə balaca komandayıq- “Sileks”in baş məşqçisibackend

“Məncə, oyuna yaxşı başladıq. “Qarabağ” çox güclü komandadır. Cəsarətli, ağıllı oynamağa çalışdıq. 2-3 qol şansımız oldu. “Qarabağ” elə komandadır ki, rəqibin səhvindən asanlıqla istifadə edir. Məmnun olmadığım məqam hesabın böyük olmasıdır. Hakimlikdən də narazı qaldığımızı deməliyəm. “Qarabağ”ı qrup mərhələsində görmək istərdim”.

Sportfan.az xəbər verir ki, bu sözləri  “Sileks”in baş məşqçisi Qoran Simov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la bu gün uduzduqları oyundan (0:4) sonra mətbuat konfransında deyib.

– Hakimlikdən narazı qaldığınızı dediniz. Konkret nədən narazısınız?

– Narazılığım ikinci qolla bağlı idi. Epizod gözümün qarşısında oldu. Oyunçu yerdə olsa da, top əlinə dəydi. Həmçinin qapıçımız da cərimə meydanına ötürmə zamanı qaydanın pozulduğunu dedi.

– Dünən bildirdiniz ki, 40 il siçan kimi yaşamaqdansa, bir gün aslan kimi yaşayaq. Bu gün meydanda şirləri gördünüz?

– Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Bəzi anlarda rəqibə cərimə meydanına girmək imkanı vermədik. “Qarabağ” böyük klubdur, biz isə balaca komandayıq. Bu oyunu cəsarət və irəli atılmış addım kimi sayıram.

– Meydanda öncədən gözlədiyiniz “Qarabağ”ı gördünüz?

– İzlədiyim oyunlarla müqayisədə əvvəlki “Qarabağ”ı görmədim. Xüsusən də, Abdullah Zubir olduqca texnikalı futbolçudur. Ancaq bu gün həmin oyununu göstərmədi.