“Qarabağ”da qara zolaq – “Neftçi”də həsrətə son qoydubackend

Ağdamın “Qarabağ” klubu ardıcıl üç oyundur qələbə qazana bilmir.

Sportfan.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının II turunda “Keşlə”, Çempionlar Liqasının III təsnifat mərhələsinin əsas vaxtında Norveç “Molde”si ilə qolsuz heç-heçələri sıralayan Qurban Qurbanovun yetirmələri bu gün “Neftçi”yə uduzub.

Premyer Liqanın III turunda alınan 1:2 hesablı məğlubiyyət ağdamlıların düşdüyü qara zolağı üç matça çatdırıb. Əyalət təmsilçisinin son qələbəsi Moldova “Şerif”i ilə avrokubok görüşünə təsadüf edib.

“Qarabağ” “Neftçi” ilə oyunlarda da üçüncü dəfədir qalib gələ bilmir. 2019-cu il sentyabrın 15-də 2:0 hesablı qələbə qazanan Qurbanovun komandası ötən mövsümün digər iki qarşılaşmasında qolsuz heç-heçə edib.

Əsas rəqibinə üç oyundur uduzmayan “Neftçi” də uğursuz seriyanı qırıb. Son iki matçda öncə Premyer Liqada “Sumqayıt”a 0:2, sonra Avropa Liqasında “Qalatasaray”a 1:3 hesabı ilə məğlub olan bakılılar seriyanın 3-ə çatmasına imkan verməyib.

“Ağ-qaralar” 2018-ci il oktyabrın 28-dən sonra ilk dəfə “Qarabağ”a qalib gəlib. Həmin vaxt 3:1 hesablı ev qələbəsinə sevinən “Neftçi” 5 matç idi rəqibini xalsız qoymurdu. 693 gündən sonra paytaxt təmsilçisi buna nail olub.

“Neftçi”nin “Qarabağ” üzərində çempionatdakı son səfər qələbəsi isə 2018-ci il mayın 6-na təsadüf edib. 868 gün öncə ağdamlılar evdə 0:1 hesabı ilə qələbə qazanıb. Bundan sonrakı 4 səfər matçında “Neftçi”nin qazancı 3 heç-heçə olub.