“Qarabağ”ın rəqibinə müsbət cavab vermədi- Norveç hökumətibackend

Norveç hökuməti “Molde”nin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la matç üçün etdiyi müraciətə müsbət cavab verməyib.

Sportfan.az  xəbər verir ki, bu barədə ölkənin mədəniyyət naziri Abid Raca “Adressa” nəşrinə açıqlamasında bildirib. Hükumət rəsmisinin sözlərinə görə, “Molde” üçün karantinlə bağlı xüsusi istisna gələn həftənin sonuna qədər olmayacaq.

O, bununla bağlı Norveç Futbol Federasiyasına və “Molde”yə məlumat göndərdiklərini söyləyib: “Onlara fəaliyyətlərini buna görə qurmalı olduqlarını bildirdim. Yəni, UEFA-nın reqlamentinə uyğun olaraq görüş neytral meydanda keçirilməlidir”.

Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan “Qarabağ” – “Molde” matçı saat 20:00-a təyin olunub. Norveç klubu Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş etsə də, rədd cavabı almışdı.