“Rəqibə hörmətlə yanaşırıq, amma qalib gəlmək istəyirik”-  Kipr millisinin baş məşqçisibackend

“Bu, ilk matçdan fərqli olacaq. Monteneqroya qarşı görüşdə müəyyən zəmin yaratdıq. Bəzi müsbət məqamları gördüm”.

Sportfan.az xəbər verir ki, bu sözləri Kipr millisinin baş məşqçisi Yohan Valem Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis komandasının Monteneqroya uduzduqdan sonra yığmamızla görüşdə yalnız qələbəyə kökləndiklərini bildirib: “Bu görüş vacibdir. Rəqibə hörmətlə yanaşırıq, amma qalib gəlmək istəyirik. Monteneqroya məğlubiyyətdən (0:2) sonra futbolçuların üzündəki məyusluğu gördüm. Bu, onların qələbəni nə qədər arzuladıqlarından xəbər verir. Azərbaycanla görüşdə kimin meydana çıxacağına sabah qərar verəcəyik”.

Valem Millətlər Liqasının inkişaf etmək üçün əla fürsət olduğunu vurğulayıb: “İşlər bir gecədə dəyişə bilməz. Bunun üçün vaxt və səbr lazımdır. Millətlər Liqasının bizim üçün nə demək olduğunu başa düşürük. Realist olmalıyıq, bu turnir vasitəsilə inkişaf etmək istəyirik. Futbolda unutmamalı olan ilk şey qələbə qazanmaq üçün oynamaqdır. Bunu unutsan, başqa peşəyə yönəlməlisən”.

Qeyd edək ki, sabah Nikosiyada keçiriləcək Kipr – Azərbaycan görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək.