“Sabah”dan kənarlaşdırılan futbolçularla bağlı qərar verildibackend

“Sabah”ın əsas heyətindən kənarlaşdırılan futbolçular Şakir Seyidov, Emil Qasımov və Elçin Mustafayev sabahdan əvəzedici komanda ilə məşqlərə başlayacaqlar.

Klubun Mətbuat xidmətindən Sportfan.az-a verilən məlumata görə, hər üç oyunçunun ikinci komanda ilə hazırlaşmasında heç bir problem yoxdur.

Azərbaycanın U-21 yığmasının üzvləri olan Seyidovla Qasımov özləri də “Report”a məlumatı təsdiqləyiblər. Onlar deyiblər ki, klubla müqavilələri var və rəhbərliyin verdiyi qərarlara hörmətlə yanaşırlar: “Biz peşəkar futbolçularıq, əvəzedici heyətə göndərilmişiksə, gedib məşqlərimizi edəcəyik. Çünki qarşıda U-21-in matçları var. Amma istərdik ki, məsələ həll edilsin və əsas komandanın hazırlıq prosesinə qoşulaq”.

Qeyd edək ki, “Sabah” rəhbərliyi 3 illik yeni müqavilə təklifini qəbul etmədikləri üçün sözügedən oyunçuları əsas komandadan kənarlaşdırıb.