“Səbail”də qapını Hagen qoruyacaq? – “Zirə” ilə oyundabackend

Azərbaycan Premyer Liqasının II turunda “Zirə” ilə keçiriləcək oyuna hazırlaşan “Səbail”in yeni transferlərindən ikisi debüt edə bilər.

Sportfan.az xəbər verir ki, bunlar qapıçı Nikolas Hagen və yarımmüdafiəçi Əfran İsmayılovdur.

Bir neçə gündür kollektivlə birgə məşqlərdə iştirak edən İsmayılov paytaxt derbisində ən yaxşı halda ikinci hissədə meydana daxil ola bilər. Çünki yarımmüdafiəçi hələ 90 dəqiqə mübarizə aparmaq iqtidarında deyil.

O ki qaldı Hagenə, qəsəbə təmsilçisi qvatemalalı qolkiperin sənədlərini Peşəkar Futbol Liqasına (PFL) təqdim edib. Qurumun tezliklə onun da adını sifariş ərizəsinə əlavə etməsi gözlənilir. Bu da o deməkdir ki, baş məşqçi Aftandil Hacıyev ehtiyac duyarsa, “Zirə” ilə qarşılaşmada çərçivəni Hagen qoruyacaq.

Uzun müddət futboldan uzaq düşən qapıçı Kamran Ağayev isə sifariş olunmasına baxmayaraq, hələ oynamaq iqtidarında deyil.

Qeyd edək ki, “Səbail” – “Zirə” oyunu sentyabrın 12-də “ASCO Arena”da keçiriləcək.