Suaresin “Atletiko” ilə müqaviləsinin detalları müəyyənləşdibackend

İspaniya “Barselona”sını ölkənin digər komandası “Atletiko”ya dəyişməyə hazırlaşan Luis Suares Madrid klubu ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb.

Sportfan.az “Marca”ya istinadən xəbər verir ki, uruqvaylı futbolçu paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. 33 yaşlı forvardın yeni komandasında illik məvacibi isə 9 milyon avro olacaq.

Transferlə bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir. Suaresin keçidi gerçəkləşsə, “Atletiko” digər hücumçusu Alvaro Morata ilə yollarını ayıracaq. İspaniyalı forvardla İtaliya “Yuventus”u yaxından maraqlanır.

Qeyd edək ki, 2014-cü ildən “Barselona”da çıxış edən L.Suares ötən mövsüm meydana çıxdığı 36 oyunda 21 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kataloniyalılarla 2021-ci ilin yayınadək müqaviləsi var.