UEFA prezidentindən azarkeşlərlə bağlı açıqlamabackend

“UEFA-nın təşkil etdiyi turnirlərin oyunlarına tamaşaçı qəbulu ilə bağlı qərar yoxdur”.

Sportfan.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin qurumun İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransda deyib.

Funksioner bildirib ki, ölkələrdəki məhdudiyyətlərlə bağlı vəziyyət çox fərqlidir.

UEFA Super Kuboku uğrunda bu gün Almaniya “Bavariya”sı və İspaniya “Sevilya”sı arasında keçiriləcək oyuna azarkeşlərin buraxılması barədə də danışan Çeferin bunu yanlış qərar hesab etmədiyini söyləyib: “Heç nə etməmək və gözləmək ən sadə yol idi. Çünki nə isə etməyəndə səhv də buraxmırsan. Onda isə heç nə dəyişmir. Biz ümid vermək istəyirik”.

O, azarkeşlər üçün təhlükə olmadığını əlavə edib: “Tədbirlər sərtdir, buna görə azarkeşlər üçün sağlamlıq riskindən söhbət gedə bilməz. Siyasi müzakirəyə qarışmayacağıq. Bunu pul xatirinə etdiyimizi düşünməyin. Bu, bizə qazandığımızdan baha başa gəlir”.

Qeyd edək ki, bu il koronavirus səbəbindən avrokubok matçları azarkeşsiz keçirilir.