Yeganə problemi daha çox aşağı liqalarda oynamasıdır – Sabir Buqrininbackend

Neftçi”nin yay fasiləsindəki ikinci əcnəbi transferi Sabir Buqrin olub.

Sportfan.az-ın xəbərinə görə, belçikalı yarımmüdafiəçi komandada yola salınan Soni Mustivarı əvəz etməlidir.

24 yaşı yenicə tamam olan Buqrin universallığı ilə diqqət çəkir. Orta sahədə çıxış etməsinə baxmayaraq, müdafiə və dayaq yarımmüdafiəçisi mövqeyində də oynamağı bacarır. Digər transfer Yusuf Lavalla müqayisədə oyun təcrübəsi də az deyil. 24 yaşı olmasına baxmayaraq, peşəkar karyerasında artıq 100-dən çox matçda iştirak edib.

Ancaq yeganə problem futbolçunun daha çox aşağı liqalarda çıxış etməsidir. “Lyers”in yetirməsi olan Buqrin 2015-cü ildə – 19 yaşında bu komandada debüt edib. 2017-ci ilin sonuna qədər məhz “Lyers”in heyətində Belçikanın ikinci liqasında oyunlara çıxıb. Ölkə kuboku da daxil olmaqla, bu müddətdə ümumilikdə 81 oyunda meydana çıxıb, 3 qol, 6 məhsuldar ötürmə verib.

Ancaq 2018-ci ilə başladığı “Paris”də işləri yolunda getməyib. İl yarım ərzində Fransanın Liqa2 klubunun heyətində cəmi 5 görüşdə şans qazanıb, onun yalnız birində 90 dəqiqə mübarizə aparıb.

Sabir ötən mövsümün əvvəlində Lüksemburqa köçərək “Düdelanj”la müqavilə imzalayıb. Ölkə çempionatında 10, kubokunda isə 2 qarşılaşmada meydanda olub. Ancaq Çempionlar Liqası (ÇL) və Avropa Liqasının (AL) təsnifat mərhələlərində müntəzəm iştirak edib, həmçinin AL-in qrup mərhələsində 5 oyunda meydanda olub. Qrupda “Qarabağ”a qarşı hər iki görüşdə start heyətində yer alıb. Lüksemburqdakı matçı əvəzedilmədən keçirən Buqrin Bakıdakı qarşılaşmada 84-cü dəqiqədə əvəzlənib. 63-cü dəqiqədə vurduğu qolla “Qarabağ” önündə komandasına 1 xal da qazandırıb.

“Düdelanj”da da ümumilikdə 22 oyunda 3 qolun müəllifi olan Sabir Buqin 2014-cü ildə Belçikanın U-19, iki il sonra isə Mərakeşin U-23 komandasında 2 matçda meydana aya basıb.

Lüksemburqda həm yüksək liqa, həm də avrokubok təcrübəsi qazanan Buqrinin “Neftçi”də əsas vəzifəsi müdafiə ilə hücum arasında körpü rolunu oynamaq olacaq. İlk baxışdan Lavaldan daha uğurlu transfer kimi görünür. Lakin hər şey “Neftçi”yə, ölkəmizə və Premyer Liqaya uyğunlaşıb-uyğunlaşmamasından asılı olacaq…