“Yeni nəfəs lazım idi” – Canni de Byazibackend

“Kipr yığmasının yaxşı futbolçuları və yeni baş məşqçisi var. Onlar yeni komandadırlar, zamana ehtiyacları var”.

Sportfan.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Millətlər Liqasının qrup mərhələsində Kiprlə keçirilən oyunu dəyərləndirərkən deyib.

II tur çərçivəsində Nikosiyada baş tutan qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmada ilk qalibiyyətini qazanan italiyalı mütəxəssisin qələbə şərhi belə olub: “Lüksemburqa qarşı oyunla müqayisədə heyətdə bir neçə dəyişikliklər oldu. Həmin görüş xoşuma gəlməmişdi. O, ilk oyunum idi. Çünki yoldaşlıq görüşləri keçirmək imkanımız da olmamışdı. Bu gün yeni nəfəs lazım idi. İki yeni oyunçu meydana buraxdıq. Abbas Hüseynov və Rəhim Sadıxov çox xoşuma gəldi. Belə futbolçuları yavaş-yavaş heyətə qatacağıq. Mənim üçün ən vacibi də futbolçuların komandaya kömək etmək istəyidir. Bu gün tribunada olan futbolçular da həmçinin bizə böyük dəstək oldular. Bu, vacib məqamdır. Komanda təkcə 11 nəfərdən deyil, 25 nəfərdən ibarətdir. Bu gün də onların səsini eşitdik”.